Translate

29 Ocak 2015 Perşembe

Data mənbələri və növləri

Ekonometrik tədqiqatların ilk addımlarından biri tədqiqat obyetində əsaslanan "data"(məlumat, veri) toplamaqdan ibarətdir. Tədqiqat obyetindən asılı olaraq istifadə olunan dataların mənbələri və növləri dəyişməkdədir. Dataların mənbəyi ümumi olaraq iki qrupa ayrılır.
  1. Exsperimental datalar
  2. Müşahidəyə əsaslanan datalar
Qida sektorunda fəaliyyət göstərən hər hansı bir firmanın yeni bir məhsul istehsalı planlaşdırdığını fərz edək. Məhsulu bazara çıxarmadan öncə, məhsulun istehlakçılar tərəfindən necə qarşılanacağını dəyərləndirmək üçün az miqdarda məhsul istehsal edilir. İstehsal olunmuş məhsullar ölkənin müxtəlif şəhər və rayonlarında hədəf qrupları vasitəsi ilə test edilərək, məhsula olan rəğbət ölçülməyə çalışılır. Aydındır ki, hədəf qruplarının böyük olması və bir sıra şəhərlərdə exsperiment aparmaq firmaya ələvə xərclər hesabına başa gələcək. Ayrıca bu tip exsperimentlərdə müxtəlif zövq və xarakterə malik insanlarla ünsiyyət qurulduğundan prosesin idarə edilməsi və prosesə nəzarət qarşıya çox böyük əngəllər çıxaracaqdır. Eyni zamanda bənzər exsperimentlər etik qaydalara da, uyğun olmaya bilər. Sipirtli içki istehsal edən hər hansı bir firmanın məhsulu istehsal edib etilməməsi ilə əlaqəli qərarını, bu şəkildə exsperimet keçirərək verməsi etik cəhətdən doğru addım olmazdı.
Data əldə etməyin digər yolu isə müşahidə aparmaqdır. Firma yuxarıda göstərilən şəkildə experiment aparmaq yerinə müştərilərlə telefonla əlaqə saxlamaq, əvvəlki illərə aid istehlak həcmləri və.s aid statistik məlumatlar istifadə oluna bilər.
Ekonometrik tədqiqatlarda istifadə olunn dataların mənbəyindən asılı olmayaraq datalar üç növə ayrılır. 
  1. Çarpaz-kəsik verilənləri ("Cross-sectional data")
  2. Zaman sıraları
  3. Panel verilənlən
"Çarpaz-kəsik verilənləri". Fərqli vahidlərin-firmalar, məktəblər, şəhərlər, ölkələr və.s haqqında tək bir zaman anına aid datalardır. CSDya nümunə olaraq aşağıdakı cədvəli göstərmək olar.
Məktəblərin2014 cü il üzrə üç dəyişənə görə göstəriciləri
Mənbə: http://www.mekteb.edu.az/
Cədvəldəki göstəricilərdən sadəcə ilk sütundakı rəqəmlər reallığı əks etdirir. Digər iki stündakı rəqəmlər isə nümunə üçün göstərilmişdir. Məktəblər fərqli olsa da, vahid zaman anında (2014cü il) TQDK imtahanında ən yüksək nəticə göstərən şagirdlərin balları qeyd edilmişdir. Birinci sətrin birinci, ikinci və üçüncü sütunla kəsişmələri uyğun olaraq Binəqədi rayon 102 saylı orta məktəbin şagirlərindən 2014 cü ildə TQDK imtahanından ən yüksək balını, məktəbdəki şagird müəllim nisbətini və şagirdlərin xarici dil bilik səviyyəsinin faiz göstəricisidir. Digər sətirlər göstərilən digər məktəblərin uyğun göstəricilərini ifadə etməkdədir. Çarpaz-kəsik verilənləri ilə vahid zamanda firmalar, insanlar, məktəblər, şəhərlər və.s arasındakı fərqləri analiz edərək dəyişənlər arasındakı əlaqəni analiz etmək mümkündür.

Zaman sıraları. Zaman sıraları dataları hər hansı firma, fərd, ölkə və.s üçün zamanın müəyyən bir aralığında əldə edilən məlumataları ifadə etməkdədir. Tədqiqatın məqsədindən asılı olaraq zaman aralığı saat, gün, həftə, ay, üç ay, il ola bilər. Aşağıdakı cədvəldə günlük zaman sıraları datalarına yer verilmişdir. Cədvəldə yer alan məlumatlar 01.01.2015-23.01.2015 tarixləri arasında Azərbaycan manatının ABŞ dolları və Avroya qarşı olan günlük məzənnəsini göstərməkdədir.
Manatın ABŞ dolları və Avroya qarşı məzənnəsi.
Mənbə: http://www.cbar.az/other/azn-rates
Zaman sıraları ilə edilən ekonometrik tədqiqatlarda dəyişənlərin zaman içərisində aldığı dəyərlər diqqətə alınır. Bir çox ədəbiyyatda tədqiqatların inamlı nəticələr verməsi baxımından zaman aralığının ən az 30 vahid (saat, gün, həftə, ay, il) olması vurğulanr. Yuxarıdakı cədvəldə sadəcə iki zaman sırası göstərilsə də, tədqiqatın məqsədinə bağlı olaraq asılı dəyişən üzərində təsiri olduğu düşünülən digər dəyişənlər də (sərbəst dəyişənlər) diqqətə alınır.

Panel verilənlər. Birdən çox vahid (firma, şəhər ölkə və.s) üçün, müəyyən zaman aralığında olan dataları analiz etmək üçün istifadə edilir. Daha açıq bir şəkildə desək, panel datalar, "Cross-sectional data" ilə zaman sıralarının birləşməsindən əmələ gəlir. Panel vrilənlərə nümunə olaraq aşağıdakı cədvələ diqqət yetirək.
Mənbə: http://data.worldbank.org/country

Cədvəldə seçilmiş beş APEC(Asia-Pacific Economic Cooperation) ölkəsinin 1970-2012-ci illər üzər adambaşına düşən ÜDM, investisiya səviyyəsi və maliyyə açığlığı dəyişənlərinin aldığı dəyərlər öz əksini tapmışdır. Hər bir ölkə üçün 43 illik data olduğundan, ümumi müşahidə sayı 215ə  (5*43=215) bərabərdir.


27 Ocak 2015 Salı

Ekonometrika Nədir?

Son illər sosyal elmlərin ən çox diqqət mərkəzində olan sahələrdən biri, emprik (təcrübəyə əsaslanan) tədqiqatlardır. Emprik tədqiqatlarla əlaqəli elm sahələrindən biri də ekonometrikadır.  Bir çox ədəbiyyatda ekonometrika elmi aşağıdakı şəkildə ifadə edilməkdədir.

  1. Ekonometrika-iqtisadi nəzəriyyənin test edildiyi bir elm sahəsidir.
  2. Ekonometrika-bir firmanın satışları, iqtisadi artmı ya da səhmlərin qiyməti kimi bir çox iqtisadi dəyişənin gələcəkdəki dəyərini ölçmək üçün istifadə olunan "alətlər" çoxluğudur.
  3. Ekonomtrika-hökumət və iş dünyasına ədədi və kəmiyyətə bağlı siyasi təkliflər vermək üçün tarixi(statistik) məlumatları istifadə etmə elmi və sənətidir.
Yuxarıda göstərilən ifadələri ümumiləşdirərək, ekonometriyanın iqtisadi məlumatları(bundan sonra-data) analiz etmək üçün iqtisadi nəzəriyyəni və statistik metodları istifadə edən bir elm sahəsi olduğunu demək daha doğru olardı. Maliyyə, iş iqtisadiyyatı (labor economics), mikro və makro iqtisadiyyat, marketinq,iqtisadi siyasət və bir sıra bu kimi sahələrdəki emprik tədqiqatlarda ekonometrikanın rolu əvəzsizdir. Ekonometrik metodlar sadəcə iqtisadiyyat sahəsində deyil, eyni zamanda  sosyal elimlərin siyasət, sosyologiya, psixologiya və.s kimi sahələrində də geniş şəkildə tətbiq olunmaqdadır.

 Ekonometrikanın maraqlandığı bir sıra suallar və həll metodları.


İqtisadiyyat, müəssisə və hökumət səviyyəsində veriləcək bir çox qərarların ətrafımızdakı dünyada mövcud olan dəyişənlər arasındakı əlaqələri dərk etmə səviyyəmizə bağlıdır. Bu qərarları qəbul edərkən kəmiyyətlə ifadə olunan hər hansı bir suala kəmiyyətlə ifadə olunan cavab tapmaq lazımdır.
  1. Sinifdəki şagird sayını azaltmaq orta təhsilin səviyyəsini yaxşılaşdırırmı? Hər bir ölkə üçün onun vətəndaşının keyfiyyətli təshsil alması ən vacib məsələlərdən biridir. Orta təhsili inkişaf etdirmək üçün verilən təkliflərdən biri də, sinifdəki şagirdlərin sayının azaldılmasıdır. Bu təkliflə çıxış edənlər, sinifdəki şagird sayı ilə müəllimin şagirdə ayıracağı diqqətin tərs mütanasib olduğunu müdafiə edirlər. Yəni sinifdə nə qədər az şagird olarsa, müəllimin şagirdlərə fərdi olaraq ayırdığı vaxt bir o qədər çox olacaq. Dolayısı ilə, şagirdlərin öyrənmə imkanı daha da artacaq. Bu vəziyyətdə diqqətdən qaçırılmaması lazım olan başqa suallar da var. Sinifdəki şagird sayının azaldılması, ələvə sinif otağı və müəllim ehtiyacı doğurur. Əgər məktəbdə əlavə sinif otağı və müəllim yoxdursa, əlavə sinif otağı və müəllim ehtiyacı qərar qəbuledicilər üçün əlavə xərc deməkdir. Bu zaman isə qərarvericilər xərc və mənfəət alalizi etmək məcburiyyətində qalacaqlar. Əgər sinifdəki şagird sayını azaltmaq şagirdlərin təhsil səviyyəsi üzərində müsbət bir təsirə malik olacaq və bu şagirdlərin gələcəkdə ölkəyə verəcəyi fayda xərclərdən çox olacaqsa o zaman sinifdəki şagird sayını azaltmaqla ortaya çıxacaq əlavə xərclər ölkə üçün ciddi sual doğurmamalıdır. Azərbaycanda fəaliyyət göstərən bütün orta məktəb şagirdlərinin bilik səviyyəsini eyni anda TQDK-nın keçirdiyi imtahanlarla ölçmək mümkün olduğu üçün sadəcə iki məktəbdən nümunə vermək istərdim. Bunlardan ilki Bakı şəhəri Nərimanov rayon 47 saylı orta məktəbin,
    Bakı şəhəri Nərimanov rayon 47 saylı orta məktəbin TQDK nəticələri
    digəri isə, Gədəbəy rayon Zəhmət kənd orta məktəbinin 1995-2014cü illər ərzində TQDKnın
    Gədəbəy rayon Zəhmət kənd orta məktəbinin TQDK nəticələri
    Mənbə: http://www.mekteb.edu.az/
    keçirdiyi universitetə qəbul imtahanlarında məktəblərin orta bal göstəriciləridir. Hər iki qrafikdən göründüyü kimi məktəblərdə şagird sayı artdıqca orta bal çox zaman aşağı düşməktədir. Bunun səbəbi sinifdəki şagird sayının çoxluğudurmu? Bu suala cavab vermək elə də asan məsələ deyil. Bakı şəhərində təhsil alan şagirdin dərsdən sonra əlavə repititor və ya hazırlıq kurslarında təhsil almaq imkanı olsa da, Azərbaycanın ucqar rayon və kəndlərində yaşayan şagirdlərin  bu şəraitə malik olmaması onların əlavə təhsil alma imkanlarını məhdudlaşdırır. Digər bir faktor isə ailələrin övladlarının təhsilinə ayıra biləcəyi büdcənin fərqlənməsindən qaynaqlanır. Bütün bunları diqqətə alaraq sadəcə sinifdəki şagird sayının deyil, digər faktorların da, şagirdin imtahanlardakı nəticəsinə  təsir edəcəyini nəzərə almaq lazım gəlir. Belə olan halda şagirdin imtahanlarda göstərəcəyi nəticə üzərində təsiri olan faktorları qiymətləndirmək üçün "Çoxdəyişənli Reqresiya Modellərinin" əhəmiyyəti bir daha ortaya çıxmış olur.
  2. İpoteka kreditlərinin verilməsində cinsiyyət və irqi ayırıseçkilik varmı? Son zamanların ən aktual mövzularından biri də ev sahibi olmaq istəyən vətəndaşlara verilən ipoteka kreditləridir. Qanunla hər bir vətəndaş  ipoteka kreditlərindən yararlana bilər. Bir şərtlə ki, ipoteka krediti almaq üçün müraciət edən vətəndaş bankların tələb etdiyi şərtləri yerinə yetirmiş olsun. Digər bütün şərtlər sabit olduğu təqdirdə, bir qadın vətəndaşın ipoteka almaq imkanı kişi vətəndaşın ipoteka krediti almaq imkanından nə dərəcədə fərqlənir? İpoteka krediti verən bir çox ölkələrdə əldə edilən nəticələrə görə ipoteka kreditlərinin verilməsində cinsiyyət və irqi ayrıseçkilik vardır. Amerika Birləşmiş Ştatlarınn Boston Mərkəz Bankının məlumatlarına görə 1990 cı illərdən bəri qaradərili vətəndaşların müraciətlərinin 28%-i rədd edilsə də, ağdərili vətəndaşların müraciətlərinin isə cəmi 9%i rədd edilmişdir. Bu nəticələrə görə Bostonda verilən ipoteka kreditlərində irqi ayrıseçkiliyin olduğunu söyləmək olarmı? Əgər irqi ayrıseçkilik varsa bu nə qədərdir? Bütün bu və bənzəri suallara "İkili Modellər"(Binary Models) vasitəsi ilə cavab tapmaq mümkündür. 
  3. Siqaret vergiləri siqaret istehlakını nə qədər azaldır? Bütün dünyada cəmiyyətin sağlamlığını qorumaq baxımından siqaret istehlakındakı meyillər ciddi tədqiqat obyetlərindən birinə çevrilmişdir. Siqaret çəkmə səbəbi ilə xəstələnənlərin tibbi xərcləri siqaret çəkənin öz üzərinə düşsə də, siqaret tüstüsü olan yerdə nəfəs alanların xərcləri isə cəmiyyətin digər fərdlərinin üzərinə düşməkdədir. Bu xərclər siqaret çəkənlərin xaricindəki fərdlərə də əlavə xərclər gətirdiyindən siqaret çəkmənin azaldılması istiqamətində siyasi qərarların alınması bu işə hökumət müdaxiləsinin vacibliyini ortaya qoymuş olur. İstehlakı əngəlləməyin ən sadə usullarından biri də, istehlak olunan məhsullara əlavə vergilərin tətbiq edilməsidir. İqtisadi nəzəriyyəyə əsasən bir məhsulun satışına görə əlavə verginin tətbiq edilməsi o məhsulun satış qiymətlərini artırmaqla yanaşı istehlakının azalmasına səbəb olmaqdadır. Qiymətdəki dəyişməyə görə tələb həcmindəki dəyişiklik tələbin qiymət elastikliyi olaraq bilinir. Satış qiyməti 1% artdığı zaman istehlak həcmi nə qədər azalacaqdır?  Siqaret qiymətlərinin aşağı olduğu ölkələrdə siqaret istehlakı yüksək, siqaret qiymətlərinin yüksək olduğu ölkələrdə isə siqaret istehlakı aşağı səviyyədədir. İqtisadi nəzəriyyə qiymətlər artacağı təqdirdə tələbin azalacağını söyləsə də, tələbin qiymət elastikliyinin ədədi ifadəsini göstərməkdə acizdir.  Bu tip problemlərlə qarşılaşdığımız zaman qiymət və istehlakla əlaqəli "data"ları analiz etmək lazım gəlir.  Ancaq bu tip "data"ların analizi çox mürəkkəbdir. Çünki qarşılıqlı təsir əlaqəsi mövcuddur. Bəzi ölkələrdə siyasətçilər öz seçicilərini itirməmək üçün aşağı dərəcəli vergilər tətbiq edə bilər. Qeyd edilən bu və bənzər problemlərin həlli üçün isə, "Bərabər Zamanlı Səbəbiyyət" modelləri istifadə olunmaqdadır.
  4. Bir sonrakı il İnflasiya dərəcəsi nə qədər olacaq? Mikro iqtisadçı və maliyyə iqtisadçıların maraqlandıqları ən vacib göstəricilərdən biri, bir il sonrakı inflyasiya dərəcəsidir. Maliyyə ekspertləri müştərilərinə borc almaq və ya borc verməklə əlaqəli məsləhət vermək üçün bir sonrakı ilin inflyasiya dərəcəsini öncədən praqnozlaşdırmalıdır. Mərkəzi bankların əsas vəzifələrində biri inflyasiya dərəcələrini nəzarət altında saxlamaqdır. Mərkəzi bankların faiz dərəcələri də inflyasiya dərəcələrinə bağlıdır. Bir il sonra inflaysiya dərəcəsinin bir faiz artacağı proqnozlaşdırılırsa, iqtisadiyyatın "hərartələnməsinin" qarşısını almaq üçün faiz dərəcələri artırıla bilər. Əgər inflyasiyanın artacağı ilə əlaqəli proqnoz doğru verilməmiş və faiz dərəcələri artırılmış isə o zaman tətbiq olunan siyasət iqtisadiyyatda durğunluq əmələ gətirəcəkdir. Bu kimi problemlərin öhdəsindən gəlmək üçün proqnozlaşdırma (forcasting) modelləri istifadə olunur. 
Yuxarıda verilən bir neçə nümunədən göründüyü kimi ekonometrika elminin tədqiqat sahəsi çox böyükdür. Statistik metodların və komputer proqramlarındakı sürətli inkişaf ekonometrika elminin də sürətli şəkildə inkişaf etməsinə öz müsbət təsirini göstərməkdədir.