Ekonometrik modelləşdirmənin əsas
məqsədlərindən biri, dəyişənlərin gələcək dəyərlərinin proqnozlaşdırılmasıdır.
Əgər dəyişənlərə uyğun proqnoz dəyərləri özünü doğruldarsa, müvafiq
dəyişənlərlə bağlı iqtisadi siyasət daha düzgün qurular. Aydındır ki, doğru
qurulan iqtisadi siyasət, ölkənin iqtisadi inkişafına müsbət təsirini
göstərəcəkdir.
Ekonometrikada hədəf seçilmiş
dəyişənin(asılı dəyişənin) proqnozlaşdırılması üçün əsasən iki tip yanaşma
istifadə edilir.
1 1. Çoxdəyişənli reqresiya analizinə əsaslanan
proqnozlaşdırma
2 2. Avtoreqressiv modellərə əsaslanan proqnozlaşdırma
Birinci
yanaşmada, asılı dəyişən üzərində təsiri olduğu düşünülən dəyişənlər modelə
daxil edilir və modeldən əldə edilən xətalar Qauss-Markov şərtlərini ödəyirsə,
bu modellə asılı dəyişənin gələcək dövrlərdə alacağı qiymətlər
proqnozlaşdırılır.
İkinci
yanaşmada isə, asılı dəyişənin öz
keçmiş dəyərlərindən ibarət olan dəyişənlər
üzərində reqressiya analizi edilir. Birinci yanaşmada olduğu kimi, bu yanaşmada
da, reqressiya modelindən əldə edilən xətalar Qauss-Markov şərtlərini ödəyərsə
bu modellə asılı dəyişənin gələcək dəyərləri ilə bağlı proqnoz dəyərləri
hesablanır.
Emprik
ekonometrik tədqiqatlar göstərir ki, hər hansı bir dəyişənin gələcək dəyərlərinin
proqnozlaşdırılmasında Box və Jenkins tərəfindən tərtib edilən Avtoreqressiv Hərəkətli Orta və
ya ARMA modelləri, çoxdəyişənli reqressiya analizi ilə hesablanan proqnoz dəyərlərindən
daha uğurlu nəticələr verir.
Hər
iki yanaşma ilə bağlı proqnozlaşdırmanın nəzəri tərəfləri bir çox ekonometrika
kitablarında mövcud olduğundan, burada hər iki yanaşmanın mahiyyətini gündəlik
həyatımızdan götürülən bir nümunə əsasında izah etməyə çalışacam.
Uğursuz vəzifə təyinatları
Demək
olar ki, müxtəlif zaman kəsiyində ölkəmizdə və ya başqa bir ölkədə hər hansı
bir vəzifəyə yerli və ya mərkəzi icraedici orqanlar tərəfindən uğursuz vəzifə təyinatlarının
şahidi oluruq. Vəzifəyə təyin edilən şəxs, vəzifəyə təyin edən şəxsin etimadını
doğrultduğu kimi, bir sıra hallarda ona göstərilən etimadı puç edir.
Ekonometrik nöqteyi nəzərdən yanaşsaq burada təyin edilən şəxsin yox, təyin edən
şəxsin günahı daha çoxdur.
Vəzifə təyinatlarında
proqnozlaşdırma yanaşmalarının tətbiqi
Qərarverici
şəxs tərəfindən hər hansı bir vəzifəyə Y şəxsinin təyin olunduğunu fərz edək.
Eyni zamanda fərz edək ki, qərarverici şəxs vəzifə təyinatını yuxarıda göstərilən
yanaşmalara əsasən verəcəkdir. Hansı yanaşmaya uyğun qəbul edilən qərar, vəzifə
təyinatı üçün daha uğurlu olacaqdır? Real emrprik ekonometrik modellərdə olduğu
kimi vəzifə təyinatlarında da, birinci yanaşmaya əsasən verilən qərar uğursuz
olacaqdır. Hər iki qərarvermə mərhələsini izah etmək üçün iki ekonometrik model
təyin edək.
Yt=
β1 +β2X2t+β3X3t+…+ βnXnt+ut (1)
Yt=
α0 +α1Yt-1+α2Yt-2+…+ αpYt-p+vt (2)
(1)
modelində Y dəyişəninin (vəzifəyə təyin ediləcək şəxsin) cari dəyərini digər dəyişənlər
müəyyənləşdirir. Kobud bir şəkildə ifadə etsək, (1) modelində Y şəxsinin vəzifəyə
təyinatı üzərində X dəyişənləri ilə ifadə edilən “dayı” və ya “dayıların” təsiri
vardır. Yəni vəzifəyə təyin edən şəxs, vəzifəyə təyin olunan şəxsdən daha çox onun
dayıları haqqında məlumata sahibdir. Aydındır ki, (1) modelinə əsasən verilən təyinat
zamanı, gələcəkdə X dəyişənlərinin (dayılarının) biri və ya bir neçəsində baş
verəcək şok birbaşa və ya dolayı yolla Y şəxsinin vəzifəsini doğru bir şəkildə
icra etməyə imkan verməyəcəkdir. Yani vəzifəyə təyinat zamanı, qərar verən şəxsin
gələcək gözləntiləri (həmin şəxslə bağlı proqnozları)özünü doğrultmayacaqdır.
(2)
modelinə əsasən verilən qərar zamanı, qərarverici şəxs hər hansı xarici dəyişənin
təsirində qalmadan, Y şəxsinin sadəcə keçmiş fəaliyyətlərini nəzərə alaraq təyinat
verə bilər. Ekonometrik proqnozlaşdırmada olduğu kimi, vəzifə təyinatında da bu cür yanaşma daha uğurlu nəticə verir. Bir şəxsin keçmişi bu gününü doğru dəyərləndirməyə
imkan verirsə, bu günü də həmin şəxsin gələcəkdə atacaq addımlarının
proqnozlaşdırılmasına kömək edəcəkdir. Bu zaman belə bir sual meydana çıxır. Vəzifəyə
təyin ediləcək şəxsin neçə illik keçmişini araşdırmaq lazımdır ki, bugünü
haqqında daha çox məlumata sahib olaq? Bu sualın cavabı da, dəyişənlərin
stasionarlıq xassəsində gizlidi. Əgər bir dəyişənin orta qiyməti və varyansı
zaman içində dəyişmirsə, avtoreqressiv modellərdə dəyişənin uzun müddətli
keçmişini(10-15 illik və ya daha çox) modelə daxil etməyə gərək yoxdur. Çünki,
avroreqressiv modellərdə stasionar dəyişənlərin istifadəsi zamanı adətən asılı
dəyişənin yaxın keçmiş dəyərləri, asılı dəyişənin cari dəyərlərini böyük dəqiqliklə
qiymətləndirməyə imkan verir. Stasionarlığın insan həyatındakı qarşılığı isə, əqidəli,
prinsipial, öz dəyərlərini daim mühafizə edən insanlardır. Vəzifəyə təyin ediləcək
şəxs, əqidəsi, prinsipiallığı, dəyərlərini mühafizə etməklə seçilən bir
insandırsa, vəzifə təyinatı zamanı bu inasnın 2-3 illik keçmişini araşdırmaq
kifayət edir. Ekonometrik modelləşdirmə zamanı
asılı dəyişənin çoxsaylı keçmiş dəyərindən ibarət olan dəyişənlərin
modelə daxil edilməsi sərbəstlik dərəcəsi və vaxt itkisinə səbəb olduğu kimi, vəzifə
təyinatı zamanı da, vəzifəni haqq edən şəxsin keçmişinin araşdırılması vaxt
itkisi ilə bərabər dövlət və ya özəl qrumlarda müxtəlif problemlərin ortaya
çıxmasına səbəb ola bilər.